ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Beynəlxalq təhsil həftəsi” çərçivəsində ölkəmizə gələn ABŞ-ın Middlebury İnstitutunun Beynəlxalq təhsilin menecmenti departamentinin rəhbəri, professor Devid Vik Bakı Musiqi Akademiyasında olub.

BMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşdə ali təhsilin beynəlmiləlləşmə strategiyaları, ali təhsil müəssisələri arasında effektiv və dayanıqlı tərəfdaşlıqların qurulması, mövcud tərəfdaşlıqların keyfiyyət qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.

Qonaq Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin (Baku Chamber Orchestra) Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertində də iştirak edib.

Orkestrin bədii rəhbəri Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, direktoru BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

Konsert proqramında Bela Bartokun “Romanian Folk Dances”, Xəyyam Mirzəzadənin “Miniatürlər”, Bela Bartokun “Divertimento for String Orchestra” əsərləri səsləndirilib.