Emir Kusturitsa və qrupu Bakıda konsert verib

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və “The No Smoking Orchestra” qrupunun konserti keçirilib.

Tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri və möhtəşəm şou təqdim olunub. Emir Kusturitsanın qrupu məşhur mahnı və kompozisiyalarını ifa edib.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti onu Balkan mədəniyyətinin simvoluna çevirib.

Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb. O, qrupun tərkibində gitaraçı kimi çıxış edir. “The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin də iştirakı ilə möhtəşəm şou təqdim edir.