Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.
Sənət axşamı BMM-in “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
“Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.
Layihənin məqsədi Azərbaycan milli musiqisi tarixində böyük iz qoymuş görkəmli mədəniyyət xadimlərinin – bəstəkarların, klassik muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.