Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.
Mehriban xanım Əliyevanın xalqımızın sevimli ifaçısının evinə qonaq gəlməsi qocaman sənətkar üçün gözəl və gözlənilməz bir ziyarət olub.
Xalq artisti Əlibaba Məmmədovu səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva onunla ilk dəfə görüşünü yaxşı xatırladığını deyib: “O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız.
Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub”.
Xalq artisti Əlibaba Məmmədov xoş sözlərə, ona göstərilən diqqətə görə minnətdarlığını bildirərək müəllifi olduğu mahnı və təsniflərin gələcək nəsillərə çatdırılması üçün layihənin həyata keçirilməsinə görə də Mehriban Əliyevaya təşəkkür edib: “Mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini. Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən Sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız”.
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli xanəndənin yaradıcılığının Azərbaycan xalqının mədəni irsi olduğunu vurğulayıb: “Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq”.
Sonda Birinci vitse-prezident milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.