Xəbər verdiyimiz kimi, 25-28 noyabr tarixində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib.
Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmaları və s. təşkilatların 40-dan artıq nümayəndəsi iştirak edib. Tədbir beynəlxalq aləmdə geniş rezonans doğurub, MDB ölkələrinin müxtəlif media orqanlarında materiallar yayımlanıb.
Belarus Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin rəsmi saytında dərc olunan (https://fir.bsu.by/ru/news/news-2019-12-03-02) məqalədə qeyd edilir ki, seminarın nəticəsi olaraq görmə və eşitmə qabiliyyəti zəif olan, hərəkət məhdudiyyətli turistlərlə ekskursiya işinin xüsusiyyətləri sahəsində nəzəri baza genişləndirilib. Xüsusi ehtiyacı olan turistlərlə ekskursiya işinin metodologiyasına həsr edilmiş Belarus Dövlət Universiteti Beynəlxalq turizm kafedrasının elmi tədqiqat işlərinin yeni istiqamətlərinin müəyyən olunması barədə məlumat verilib.
Kafedranın kollektivi tədbirin təşkilatçılarına – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib.
***
Bakı seminarı barədə Beynəlxalq Muzeylər Şurasının (İCOM) rəsmi saytı da material yayımlayıb (http://icom-russia.com/data/events/itogi-mezhdunarodnogo-seminara-iskusstvo-bez-granits/).
Məqalədə bildirilir ki, seminar iştirakçıları öz çıxışlarında informasiyanın sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün inklüziv proqramları uğurla həyata keçirən dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsinin faydalılığını vurğulayıblar. Öz növbəsində əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyinin sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaratdığı qeyd olunur.
***
İCOM-un Rusiya Komitəsi tərəfindən həyata keçirilən inklüziv muzey layihəsinin rəsmi saytında da beynəlxalq seminar haqqında məqalə verilib (http://in-museum.ru/novosti/itogi-mezhdunarodnogo-seminara-iskusstvo-bez-granicz/).
Yazıda qeyd olunur ki, seminar çərçivəsində hüquqi və maliyyə sahələrinin modernləşdirilməsi də daxil olmaqla “maneəsiz mühit”in yaradılmasının aktual aspektlərinə toxunan 40-dan çox məruzə təqdim edilib. Görüşlərdə və qeyri-rəsmi ünsiyyətdə sənət və ədəbiyyatdakı əlillik problemləri, sosial uyğunlaşmada mədəniyyət obyektlərinin rolu və əlilliyi olan şəxslərin peşəkar böyümələri kimi məsələlərin müzakirə edildiyi vurğulanır.
Həmçinin məqalədə “Sərhədsiz incəsənət” seminarı iştirakçılarının hər bir müasir muzeyin ən vacib sosial qurum və beynəlxalq qlobal turizm şəbəkəsinin iştirakçısı olaraq əlillərin ehtiyac və tələblərinə cavab verməli olduqları barədə fikirləri də diqqətə çatdırılır.