Dekabrın 4-dən 6-dək Paris şəhərində – UNESCO-nun mənzil-qərargahında “Dil texnologiyaları hamı üçün: dünyada linqvistik çeşidlilik və multilinqvizmin təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.
BMT-nin 2019-cu il üçün elan etdiyi “Yerli dillərin beynəlxalq ili” çərçivəsində təşkil olunan konfrans UNESCO Katibliyi, qurumun “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramı (İFAP), Xantı-Mansiysk Avtonom Dairəsi – Uqra Hökuməti (Rusiya Federasiyası) və Avropa Dil Resursları Assosiasiyasının (ELRA) əsas təşkilatçılığı ilə gerçəkləşib.
Beynəlxalq tədbir kiberməkanda linqvistik çeşidliliyin və dilin qorunmasının fəlsəfi, siyasi, sosial-mədəni, iqtisadi, təhsil və digər aspektlərinin müzakirəsinə həsr olunub. Konfransda UNESCO-ya üzv ölkələrin mədəniyyət siyasəti, informasiya texnologiyaları, sosiologiya, politologiya, fəlsəfə, futurologiya, iqtisadiyyat, diplomatiya, idarəetmə, jurnalistika sahələri üzrə aparıcı ekspertləri iştirak edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli “Multilinqvizmin fəlsəfi anlamı” mövzusunda məruzə ilə çıxış edib.
Sektor müdiri məruzədə həmçinin Azərbaycan mədəni sərvətlərinin kiberməkanda təmsil olunmasının sürətləndirilməsi, tarixi-mədəni çeşidlilik ənənələrinin təqdim edilməsi və əldə olunmuş nailiyyətlərin təbliğ olunması məsələlərinə toxunub.