Qidalanma mədəniyyətinin “qızıl qayda”ları haqqında mütəxəssislə söhbət
Çağdaş zamanda günümüzün ən mühüm problemlərindən biri qidalanma mədəniyyətidir. Çünki sağlam həyat tərzi sürməyimiz bu mədəniyyətin şərtlərinə necə əməl edib-etməməyimizdən də asılıdır. Ankarada fəaliyyət göstərən Estetik Plastik Cərrahi və Sağlam Yaşam Mərkəzinin uzman həkimi, dietoloq Vildan Hacıfettahoğlu Temel ilə söhbətimiz də bu barədədir.
– Vildan xanım, sağlamlıq probleminin əsas mənbəyi nədir və bu mənada əsas məsuliyyət kimin üzərinə düşür?
– Bu məsələdə hər bir insanın üzərinə məsuliyyət düşür. Hər şeydən əvvəl, insanlar qəbul etdikləri qidaların, istifadə etdikləri dərmanların tərkibinə xüsusi diqqət etməlidirlər. Müasir dövrün bizlərə gətirdiyi həyat tərzində gündəlik qarşılaşmalı olduğumuz bir sıra məqamlar var. Təəssüf ki, bu məqamların bir çoxu həyatımıza mənfi təsir edir. Məsələn, qapalı yerlərdə davam edən uzun iş saatları, izdihamlı nəqliyyat, tıxaclar, çirklənmiş hava, hazır, qablaşdırılmış yeməklərlə qidalanma, istirahət günlərində ticarət mərkəzlərində uzun vaxt keçirmələr, televizorun qarşısında yuxuya getmək, həddindən artıq istifadə edilən plastik qablar və s. amilləri göstərmək olar. Bundan başqa, müasir həyat tərzində, demək olar ki, hər gün rastlaşdığımız hallar səhhətimizə təsirsiz ötüşmür. Bir yerə vaxtında çatmaq istəyirik, lakin tıxaclar buna mane olur. Nəticədə ortaya çıxan narahatlıq bizdə həm də stress yaradır. Sağlamlıqdan danışarkən mütləq ekologiyaya da toxunmaq lazımdır. Ətrafımızdakı ekoloji toksinlərin artması və təsiri nəticəsində xroniki xəstəliklərə yoluxmağımızla bağlı hallar getdikcə artmaqdadır. İllər əvvəl görülməmiş yeni xəstəliklərin meydana gəlməsinə də şahid oluruq. Əlbəttə ki, bu, çox kədərlidir.
– Xəstəlikləri müalicə edərkən qidalanmada və həyat tərzində də hər hansı dəyişikliklər tövsiyə edilməlidirmi?
– Təbii ki. Xəstəlikləri müalicə edərkən ilk addım qidalanma tərzini dəyişdirməkdir. Çünki sağlam və normal qida xəstələnməməyimizin “qızıl qayda”larından biridir. Biz həkimlər üçün xəstəliklərin müalicəsindən əvvəl sizləri xəstəliklərdən qorumaq, yəni xəstələnməməyinizi təmin etmək daha çox önəmlidir. Dediyim kimi, “qızıl qayda”lardan birincisi sağlam qidalanmağı öyrənməkdir. Sonra müntəzəm yuxu, məşq, stress idarəetmə, bədəndə yığılan toksinlərdən azad olmağı öyrənmək, mikrobiologiyamızı şaxələndirmək, enerjimizi həm fiziki, həm də zehni tarazlıq üçün necə istifadə etməyi öyrənməklə düzgün sosial əlaqələr qura bilərik. Bütün bu sadalananlar qaydaların ən mühüm olanlarıdır.
Qidalanma insanın səhhətinə, temperamentinə və müşayiət olunan xəstəliklərə görə planlaşdırılmalıdır. Hər kəs eyni şəkildə eyni yeməklərlə qidalana bilməz. Tez kilo vermək üçün hazırlanan məşhur pəhrizlərin əvəzinə, bir insanın özünü dinləmək üçün bədənini tanıması çox vacibdir. Yəni hər bir insan həm də özü-özünün həkimi olmalıdır. Məsələn, bir qida qəbul etdikdə onun bədəninə necə təsir etdiyini təxmin etməlisən. Sağlam qidalanmanın “qızıl qayda”sı təbiətlə iç-içə yaşamaq və təbiətin bizə təklif etdiklərini istehlak etməkdir. Hazır yeməklərin tez-tez qəbul edilməsi nəticəsində bədəndə yığılan qatqı maddələrə görə zamanla bir çox xroniki xəstəlik inkişaf edir. Buna görə də öz yeməyimizi hazırlamağı öyrənməliyik. Plastik qablarda aldığımız hazır yeməklərdə kimyəvi maddələrin müxtəlif xəstəliklərə səbəb olduğunu kədərlə izləyirik. Zaman-zaman, uzunmüddətli aclıq saatlarının orqanizm üçün faydalı olduğunu, həddindən artıq miqdarda yemək yeməyin isə zərərli olduğunu bilmək lazımdır.
– Təbiətlə iç-içə olmaq, təbii qidalara üstünlük vermək. Yəni müasir dönəmdə buna yüz faiz nail olmaq mümkündürmü?
– Maraqlı sualdır. Son zamanlar xəstələrimizə çox miqdarda tərəvəz qəbul etmələri barədə məsləhət verərkən başa düşdük ki, insanları tamamilə fərqli bir təhlükə ilə üz-üzə qoyuruq. Nədir bu təhlükə? Dərmanlar... Buna görə tərəvəzləri yeməkdən əvvəl ən azı on dəqiqə karbonatlı suda saxlamağı, ardınca da sirkəli suya qoymalı və sonra yeməyi məsləhət görürük. Xüsusilə qalın-qabıqlı meyvələri fırça ilə təmizləməyi tövsiyə edirik. Həddindən artıq ziyanlı əlavələr qəbul etməmək üçün konservləşdirilmiş məhsullardan uzaq durmalı, təbii məhsullara üstünlük verməliyik. Amma təbii məhsullar da həddini aşmamalıdır. Əhəmiyyətlisi xəstəliklərdən qorunmaqdır. Bunun üçün hər zaman bədənimizi yaxşı tanımalı, düzgün qidalanmalı, məşq etməliyik. İlk növbədə pozitiv düşüncə tərzi ilə yaşayıb stresi idarə etməyi bacarmalıyıq. Bütün bunları gerçəkləşdirmək üçün meditasiya, yoqa və s. əlavə metodlardan faydalana bilməli, təmiz və bol su içməli, təbiət qoynunda olmalı, ətrafımızda sevdiyimiz insanlarla görüşməli və söhbət etməli, internetdə doğru olması sübut edilməyən, elmdən uzaq müalicə metodlarından çəkinməli və mütəmadi olaraq mütəxəssislərdən məsləhət alınmalıdır.
Mehparə SULTANOVA
Ankara