Daşkənddə böyük şairə həsr olunmuş daha bir tədbir
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Canımı qıldım fəda...” adlı poeziya axşamı keçirilib.
Tədbir çərçivəsində AMM tərəfindən elan olunan “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərkəzin foyesində “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib.
AMM-in direktoru Samir Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar Daşkənddə də silsilə tədbirlər keçirilir. Bu ilin may ayında elan olunan müsabiqəyə iki ölkə şairlərinin Nəsimi üslubunda yazdıqları şeirlər təqdim olunub. Toplanmış şeirlər kitab halında çap edilib.
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva İmadəddin Nəsiminin həyatı, yaradıcılığı, mühiti haqqında söhbət açıb. Bildirib ki, Nəsiminin yaradıcılığından Özbəkistan şairləri də bəhrələnib.
Tədbirdə alim və tərcüməçi Babaxan Şərif, dosent Adxambek Alimbekov, filologiya elmləri namizədi Kərimulla Məmmədzadə, Azərbaycan Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və başqaları çıxış ediblər.
Sonra “Menga sig‘ar ikki jahon” adlı kitabın təqdimatı olub, müsabiqənin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-in fəxri diplomları və pul mükafatları verilib.
Mərasimdə Nəsiminin “Məndə sığar iki cahan” qəzəlinə Azərbaycan əsilli müğənni Sami Yusufun oxuduğu kompozisiyanın videoyazısı nümayiş olunub, Özbəkistanın Əməkdar artisti Firuzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.