Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il keçsə də, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
Bildirilir ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, 1990-cı ilin 20 yanvarında, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı.
Diqqətə çatdırılır ki, qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.
Bildirilir ki, Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Sərəncamda vurğulanır ki, 1990-cı ilin 20 yanvarında öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verən Azərbaycan xalqının iradəsi sınmadı və milli ruhu sarsılmadı. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların xatirəsini hər zaman uca tutur.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb.