Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 13-də Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Əbülfəs Qarayev Azərbaycan ilə Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Əbülfəs Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Volfqanq Maniq Almaniya-Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasını təklif edib. Diplomat bu əməkdaşlığın Almaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə qeyd olunan təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.