AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın “Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti və kitabxanalar” adlı kitabı işıq üzü görüb.
Monoqrafiyanın elmi məsləhətçiləri tarix üzrə elmlər doktoru, BDU-nun fəxri professoru Abuzər Xələfov, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov, rəyçi Rusiya EA Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, professor İrina Lizunovadır.
İnformasiya mədəniyyətinin formalaşdırılması problemi bugünkü Azərbaycan cəmiyyətində çox aktual məsələ olduğu üçün bu problem müxtəlif sahələrin mütəxəssisləri tərəfindən tədqiq edilib. Lakin cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında kitabxanaların iştirakı ilk dəfə bu monoqrafiyada araşdırılmışdır. Müəllif Azərbaycanda informasiya mədəniyyəti anlayışının yaranmasından başlayaraq onun müasir informasiyalaşdırılmış cəmiyyətdə yeni inkişaf mərhələlərinə qədər keçdiyi yolu müəyyənləşdirmiş, informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların rolunu və əhəmiyyətini, bu istiqamətdə kitabxanaların fəaliyyətində baş verən inkişaf meyillərini, yeni iş üsullarını ümumiləşdirmiş, qazanılmış uğurları və mövcud problemləri araşdırmışdır. Müəllif mövzu üzrə bir çox mənbələrə müraciət etmiş, Azərbaycan, rus və ingilis dillərində 127 adda zəngin elmi ədəbiyyatdan bəhrələnmişdir.
Kitabda diqqəti cəlb edən məsələlərdən biri də ilk dəfə olaraq bu gün aktuallıq kəsb edən “Rəqəmsal savadlılıq”, “İnternet savadlılığı”, “Media savadlılığı”, “Şəbəkə savadlılığı” kimi bir sıra anlayışların dünya alimlərinin yanaşmalarına əsaslanaraq şərh edilməsidir. “Azərbaycan kitabxanalarında informasiya mədəniyyətinin formalaşdırılmasının müasir vəziyyəti və perspektivlər” adlı bölmədə kitabxanalar informasiya mədəniyyətinin formalaşmasının tarixi mərhələlərində əsas vasitə kimi araşdırılmışdır.
Monoqrafiyada Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, BDU-nun Elmi kitabxanası, “ADA” Universiteti kitabxanası və eləcə də bir sıra şəhər və rayonların MKS-ləri əsas tədqiqat obyekti kimi seçilmişdir. Həmçinin Milli Kitabxananın oxucuları arasında keçirilmiş anket sorğusunun nəticələri hərtərəfli təhlil edilərək 3 illik zaman çərçivəsində diaqramlarla əks etdirilmişdir.
Müəllif oxucuların informasiya mədəniyyəti vərdişlərini daha da inkişaf etdirmək üçün bu istiqamətdə kitabxanaların qarşısında duran əsas vəzifələrə də diqqəti yönəltmişdir. Bu istiqamətdə irəli sürülmüş təkliflər Malayziya, Rusiya, Türkiyə, Özbəkistan milli kitabxanalarının qabaqcıl təcrübəsinə uyğun şəkildə müəyyən edilmişdir. Sonda tədqiqatın yekunu olaraq əldə edilən əsas elmi-nəzəri və təcrübi nəticələr göstərilmiş, informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların daha fəal iştirakına və roluna dair tövsiyələr verilmişdir.
Nadir İSMAYILOV
pedaqogika üzrə fəlsəfə doktoru, BDU-nun kafedra müdiri