Xəbər verdiyimiz kimi, Kolumbiyanın paytaxtı Boqotada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Hökumətlərarası Komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçilib.
Sessiyada UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına 5 yeni nümunə salınıb. Həmçinin 35 qeyri-maddi mədəni irs nümunəsi Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyasının 2020-ci ilin 30 noyabr – 5 dekabr tarixlərində Yamaykanın sədrliyi ilə bu ölkənin paytaxtı Kinqston şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.