Milli baletin 100 illiyi qarşısında

XX əsrin əvvəlləri Azərbaycan intibahının ən önəmli səhifələrindən olub. O intibahın ki, ictimai və mədəni həyatın bütün sahələrinə sirayət edib – zehinləri silkələyib, aydınları, təəssübkeş millət fədailərini hərəkətə sövq edib. Və beləcə, milli birincilər, şərəfli hadisələr, uğurlar silsiləsi həyata qədəm qoyub. Adətən bu silsilənin başlanğıc nöqtəsi kimi 7 aprel 1906-cı il tarixini əsas götürürlər. Həmin gün Tiflisdə böyük yazıçı-dramaturq və publisist Cəlil Məmmədquluzadə tərəfindən “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi işıq üzü görüb. Bundan sonra iki onillikdən də az bir müddətdə əsl ilklər, birincilər, mühüm hadisələr intibahı yaşanıb – ilk realist rəssamlar, ilk opera, dövlət teatrı, universitet, muzey, bir qədər sonra musiqi, rəssamlıq və teatr məktəblərinin fəaliyyətə başlaması, nəhayət, ilk balet studiyasının yaranması. Bütün bu ilklərin, bu nailiyyətlərin qarşısına “Şərq” sözünü də əlavə etmək lazım gəlir, çünki onların əksəriyyəti müsəlman Şərqində ilk təzahürlər və nailiyyətlər idilər.

İndi üstündən bir əsr ötdükdən sonra, artıq üçüncü minillikdə biz o intibahın böyüklüyünü bir daha görüb hiss edirik və indi 100 illik yubileylər çərçivəsində onların təşkilatçılarının böyüklüyünün, millətə olan xidmətlərinin əzəmətinin bir daha şahidi oluruq. Son illərə nəzər salsaq, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi, Molla Pənah Vaqifin 300 illik yubileyi, Qara Qarayevin, Tofiq Quliyevin, görkəmli rəqs ustası Əminə Dilbazinin anadan olmasının, Bakı Dövlət Universitetinin, Akademik Milli Dram Teatrının və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri qeyd olunub, gələn il isə milli qeyrət rəmzi olan Gəncə qiyamının 100 illiyi qeyd olunacaq. Bunları layiqincə qeyd edib biz milli-mənəvi dəyərlərimizi qiymətləndirməklə yanaşı, həm də xalqımızın böyük mübarizə əzmini, mədəni ənənələrinin zənginliyini bir daha yada salmış oluruq.

Yaxın gələcəkdə milli baletin (balet studiyasının) əsasının qoyulmasının da 100 illiyi qeyd olunacaq. 1923-cü ildə özəl balet studiyasının fəaliyyətə başlaması ilə bu sahədə ilk nailiyyətlər əldə edildi. Həmin studiyada əsasən klassik rəqslərə üstünlük verilirdi, təhsil alanlar arasında milli kadrlar, rus və qeyri-millətlərin də nümayəndələri var idi. Onların arasında gənc Qəmər Almaszadə də təhsil alırdı. Tezliklə bu studiyanın statusu genişləndirildi, bir neçə il sonra Xoreoqrafiya məktəbi yaradıldı.

Balet səhnə sənətinin kompozisiya baxımından ən mükəmməl, emosional növlərindəndir. Balet tamaşasının məzmunu musiqi və xoreoqrafik obrazlar vasitəsilə təcəssüm olunur. Azərbaycan baleti öz inkişafı dövründə çox nailiyyətlərə imza atıb və bu istər respublikada, istərsə də onun hüdudlarından kənarda yaxşı bəllidir.

Lakin bu sözləri Azərbaycan baletinin tarixi və nəzəriyyəsinin öyrənilməsi sahəsinə aid etmək çətindir. İlk olaraq bunu qeyd edək ki, bir sənət növü kimi baletin inkişafı onun elmi-metodoloji müstəvidə öyrənilməsindən çox qabağa getmişdir. Şübhəsiz ki, baletin inkişafı bizi sevindirir, lakin onun nisbətən az öyrənilməsi təəssüf hissi doğurur. Balet sənətimizin mövcud olduğu onilliklər ərzində tədqiqatçılar nədənsə bu mövzu ilə maraqlanmayıb. Azərbaycan baletinin işıqlandırılması, bir qayda olaraq, jurnalistlər tərəfindən şəxsiyyət müstəvisində, portret janrında, müsahibə, oçerk növlərində gerçəkləşdirilib. Balet sənətinin ümumi tarixi inkişafı elmin diqqətindən kənarda qalıb və bu sahədə elmi-nəzəri boşluqlar daha çoxdur. Tədqiqatçılar sənətin tarixinin yaradılmasını, onun dövrləşdirilməsini ön plana çəkirlər, nəzəri məsələlər, əgər onlar pedaqoji təcrübə ilə bağlı deyilsə, tarixi-metodoloji baza formalaşdıqdan sonra həll edilir. Azərbaycan baletinin tarixi akademik müstəvidə hələlik yazılmayıb. Bununla əlaqədar olaraq baletin elmi-nəzəri əsaslarını formalaşdırmaq müəyyən çətinliklər yaradır.

Rus dilində “baletşünas” ifadəsi çox işlədilir, lakin azərbaycanca həmin ifadə işlək deyil. Doğrudur, mətbuatda, dərsliklərdə bəzən həmin sözə təsadüf olunur. Lakin onun işlədilməsini, elmi dövriyyəyə daxil edilməsini aktivləşdirmək, onu “teatrşünas”, “kinoşünas” kimi ifadələrlə bir cərgədə yerləşdirmək lazımdır. Hələlik çoxumuz “baletşünas” sözünü dilə gətirməkdən çəkinirik. Bunun tez olduğunu güman edir, yaxud həmin sözün müəyyən təbəssüm doğuracağından ehtiyatlanırıq. Eləcə də balet tənqidi hələlik təşəkkül tapmayıb. Qərb və rus sənətşünaslığında qəbul edilmiş təsnifat-metodoloji bölgüyə əsasən “baletşünaslıq” ifadəsinə baletin (xoreoqrafiyanın) tarixi, nəzəriyyəsi və tənqidi daxildir. Oxşar sxem Azərbaycanın əksər humanitar elm sahələrində çoxdan bəllidir. Lakin onun balet sənətinə tətbiqi hələlik tam təmin olunmayıb. Hesab edirik ki, bunu reallaşdırmaq baleti tədqiq edən sənətşünasların – onları baletşünas da adlandırmaq olar – əsas vəzifələrindən biridir.

Respublikamızda balet tarixi və nəzəriyyəsinin öyrənilməsini şərti olaraq iki mərhələyə bölmək olar. Bunlar 2014-cü ilə qədər və bundan sonrakı dövrlərdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Akademiyanın yaradılması balet sənətinin akademik səviyyədə təkmilləşdirilməsi ilə yanaşı, həm də balet tarixi və nəzəriyyəsinin sistemli şəkildə tədqiq edilməsinin, balet tənqidinin formalaşmasının əsasını qoydu.

XX əsrin 20-ci illərindən 2014-cü ilə qədər keçən dövrdə respublikamızda balet tarixinin araşdırılması kölgədə qalmış kimi görünür. Azərbaycan sənətşünaslığının inkişafa qədəm qoyması ötən əsrin 20-30-cu illərinə təsadüf edir. Məhz həmin dövrdə teatr, musiqi, təsviri sənət, memarlıq kimi sahələrin ardıcıl öyrənilməsinin əsası qoyuldu. Vaxtilə Bakıda Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərirdi ki, bunu da müasir Milli Elmlər Akademiyasının erkən prototipi hesab etmək olar. “Cəmiyyət” respublikada sistemli elmi biliklərin, metodoloji bazanın olmadığı bir dövrdə milli mədəniyyətin araşdırılması sahəsində xeyli iş gördü və elmin təşkilatlanması üçün ilkin zəmin hazırladı. Lakin “Cəmiyyət” balet sənətinin öyrənilməsinə təşəbbüs göstərmədi. Onun əsas fəaliyyəti maddi-mədəniyyət və tarix-etnoqrafiya istiqamətli idi. Həmin dövrdə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə xalq musiqisini toplamaq, nota salmaq və sistemləşdirmək üçün Bülbül tərəfindən Elmi-tədqiqat musiqi kabineti təşkil olunmuşdu. Lakin bu da baletlə bilavasitə əlaqədar deyildi.

Sonralar SSRİ Elmlər Akademiyasının Zaqfederasiya filialı, onun tərkibində Azərbaycan bölməsi təşkil edildi. Zaqafqaziya Federasiyası ləğv edildikdən (1936) sonra bölmə SSRİ EA-nın Azərbaycan filialına çevrildi. Bunlar müstəqil Elmlər Akademiyasının yaradılması üçün hazırlıq mərhələləri idi. Həmin illərdə humanitar sahədə artıq xeyli tədqiqat işləri aparılmışdı. Lakin bu tədqiqatlar baletdən yan keçirdi. Baxmayaraq ki, 1936-cı ildə artıq Xoreoqrafiya məktəbi yaradılmışdı, milli balet sənətinin yaşı 20 ilə yaxınlaşmışdı. Həmin dövrdə sənətşünaslıqda əsas elmi tədqiqatlar teatr-dramaturgiya sahəsini əhatə edirdi. Maraqlıdır ki, dünya təcrübəsində opera və balet bir teatr səhnəsində birləşdiyi halda Azərbaycan tədqiqatçıları nədənsə balet sənətinin tədqiqinə laqeydlik göstərirdilər. İstər opera, istərsə də balet teatr sənətinin növləridir. Heykəltəraşlıq təsviri sənətin bir növü olduğu kimi, balet də teatr sənətinin bir növüdür, səhnə sənətlərinə daxildir. Lakin operadan fərqli olaraq balet sahəsində tədqiqat işləri aparılmırdı. Azərbaycan operası, dramatik və komik teatrla yanaşı, hər zaman diqqət mərkəzində olub və bu bizim nailiyyətimizdir.

Əlbəttə, bunun bir səbəbi ölməz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. İlk operaların muğam ladları üzərində qurulması, librettonun milli folklordan götürülməsi, səhnədə əxlaqi-etik münasibətlərə ciddi diqqət yetirilməsi (qadın rollarını da kişilər ifa edirdi) Azərbaycanda hələ 20-ci illərə qədər operaya müəyyən maraq oyatmışdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra onu təqlid edən milli satirik jurnalların sayı sürətlə artdığı kimi, 1908-ci ildə “Leyli və Məcnun” operasından sonra milli opera nümunələrinin sayı da artmağa başladı. Həmin dövrdə sənətşünaslıq elm kimi hələlik formalaşmadığından opera tənqidi mətbuat vasitəsilə aparılırdı. Bu da mətbuatın demokratikləşməsinə, humanistləşməsinə, dünyəviləşməsinə yardım edirdi. Sonralar, Azərbaycan sənətşünaslığının veteran sahəsi olan teatrşünaslıq inkişafa qədəm qoyduğu illərdə dramatik və komik teatrla yanaşı, opera teatrı sahəsində də müəyyən tədqiqatlar aparıldı. Yuxarıda qeyd olunan fikrə bir daha qayıtmaq istərdik – hər halda bu işdə böyük Üzeyir bəy şəxsiyyətinin və yaradıcılığının təsiri olmamış deyildi. Bunları qeyd etməkdə məqsəd ənənəvi teatr və hətta opera ilə müqayisədə baletin, onun tarixinin və nəzəri-metodoloji bazasının diqqətdən kənarda qalmasını vurğulamaqdır.

Fərəhləndirici haldır ki, tədqiqatçıların biganəliyi baletin ümumi inkişafına mənfi təsir göstərməyib. 1940-cı ildə ilk balet tamaşası – “Qız qalası” uğurla nümayiş etdirildi. Buna qədər Əfrasiyab Bədəlbəyli artıq “Tərlan” tədris baletini yazmışdı. Hər iki baletin librettosu milli folklor süjetlərindən götürülmüşdü. Bununla gənc Əfrasiyab Üzeyir Hacıbəylinin operadakı milli süjet xəttini baletdə davam etdirmək istəyirdi. Maraqlıdır ki, istər opera sənətində, istərsə də baletdə bu maraqlı ənənə bu gün də qalmaqdadır və milli süjetin üstünlüyü Azərbaycan opera və baletinin əsas xarakterik cəhətlərindən biridir.

1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra Azərbaycanda sənətşünaslıq elmi tamamilə formalaşmış, güclü elmi-nəzəri və metodoloji baza yaradılmışdır. Sənətşünaslıq elmi daxilində müstəqil elmi istiqamətlər – teatrşünaslıq, sənətşünaslıq (təsviri sənətin tədqiqi anlamında), musiqişünaslıq, kinoşünaslıq kimi növlər diferensiallaşmış, təkmilləşmişlər. Bu sahələrdən hansı balet sənətini öyrənmək üçün daha münasibdir? Əgər baletşünaslığı sənətşünaslığın ayrıca istiqaməti kimi qəbul etməsək, onda balet tarixi və nəzəriyyəsinin öyrənilməsi teatrşünaslığa həvalə edilməlidir. Həmçinin elmlərin təsnifat şəbəkəsində baletşünaslığı teatrşünaslığın tərkib hissəsi kimi göstərmək mümkündür. Əslində bu, tamamilə məntiqli təsir bağışlayır. Balet özü teatr sənətinin bir növü olduğu kimi, onu tədqiq edən elm sahəsi də teatrşünaslıq yönümlü olmalıdır. Ümumi formada baletşünaslığın tədqiqat obyekti balet sənəti, tədqiqat predmeti isə balet əsərləridir. Bu prinsip obyekti adında ifadə olunan digər elm sahələri üçün də (musiqişünaslıq, kinoşünaslıq və s.) keçərlidir.

Baletin tədqiqi sənətşünaslığın digər sahələrinə də şamil edilə bilər. Balet sənəti məsələlərinin hətta sənətşünaslıqdan kənar elm sahələrinin (misal üçün, fəlsəfə elmlərinin, pedaqogikanın, psixologiyanın və s.) tədqiqat predmeti olması mümkündür. Lakin, əlbəttə, balet sənəti məsələləri ilk olaraq yaxın müstəvidə – sənətşünaslıq kontekstində nəzərdən keçirilməlidir. Bilavasitə teatrşünaslıqla (baletşünaslıqla) yanaşı, balet məsələləri həm də musiqişünaslığın (baletşünaslıqdan sonra estetika ilə yanaşı baletə ən yaxın elm sahəsidir) maraq dairəsindədir. Sadəcə, mütəxəssislərin bu mövzuya müraciət etməsi tələb olunur. Lakin əlaqədar elmi qurumlar bu işi görməyə o qədər də tələsmirlər. Beləliklə, hətta kiçik bir təhlil XX əsrin 20-ci illərindən Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasına qədər keçən dövrdə respublikamızda balet tarixi və nəzəriyyəsinin, yumşaq desək, az öyrənildiyini göstərir.

Akademik müstəvidə balet nəzəriyyəsinin yaradılması mütəxəssislərdən metodoloji biliklər və nəzəri hazırlıq tələb edir. Lakin balet tarixinin ardıcıl mənzərəsinin yaradılması üçün bütün əsas materiallar göz qabağındadır. Mövcud ənənəyə görə, incəsənətin hər hansı bir sahəsinin öyrənilməsində tarix ön planda gedir (biz burada tədris prosesi ilə bağlı olan nəzəriyyəni nəzərdə tutmuruq). Elm tarixinə nəzər saldıqda bunu görmək olar. Azərbaycan sənətşünaslığında 40-cı illərin sonuna qədər teatr və musiqi tarixinin, 50-ci illərin sonu – 60-cı illərədək memarlıq və təsviri sənətin ardıcıl, sistemə salınmış və dövrləşdirilmiş tarixi yaradılmışdır. Bununla da milli sənətşünaslığın qarşısında duran əsas məsələ – incəsənət tarixinin yaradılması əsasən başa çatdı. Bu, sənətşünaslığın bir elm kimi özünü təsdiq etməsi üçün də vacib idi. İncəsənət tarixinin yaradılması onun nəzəri və metodoloji problemlərinə keçmək üçün də zəruridir. Çünki həmin problemlərin qoyuluşunda və həllində lazım olan tarixi materiallar artıq hazırlanmış olur.

İncəsənət tarixinin yaradılması prosesi sonralar da davam etdirilmiş və təkmilləşdirilmişdir. 60-70-ci illərdə teatr prosesləri ilə əlaqədar olaraq teatr tarixinə yeni baxışlar formalaşdı, özündə müəyyən nəzəri-metodoloji prinsiplər əks etdirən yeni tarixi əsərlər yaradıldı. Sonrakı dövrdə teatr tarixinin bir qolu olan bölgə teatrlarının tarixi yaradıldı. Bu dövrdə, demək olar ki, dramaturgiya və teatr məsələlərinə yeni kontekstdə nəzər salınmağa başlandı. Teatr estetikasının inkişaf etdirilməsinin əsasları formalaşdı. Bütün bunlar teatr tarixinin öyrənilməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və tarixi inkişafa olan münasibətin diferensiallaşmasının təzahürləri idi. Oxşar prosesləri musiqi tarixində də müşahidə etmək olar. Üzeyir Hacıbəylinin yorulmaz əməyi sayəsində 40-cı illərin ikinci yarısınadək xalq musiqisinin ümumi tarixinin yaradılmasının ilk mərhələsi başa çatdırıldı, bunun nəticəsində musiqişünaslıqda bu gün də şah əsər hesab olunan “Azərbaycan xalq musiqisinin əsasları” kitabı (1945) meydana gəldi. Musiqinin spesifikliyinə uyğun olaraq kitabda tarixi materiallar metodoloji əsaslar üzərində qurulmuşdu. Sonralar peşəkar musiqi tarixinin öyrənilməsinə başlanıldı, bəstəkar yaradıcılığına nəzər salındı.

Bütün bunlar bizə milli balet tarixinin nə cür yaradılmalı olduğunun metodoloji əsaslarını, prosesin ardıcıllığını göstərir. Baletin spesifikliyi nəzərə alınmaqla onun tarixinin yaradılması zamanı tam yetişmişdir. Bu, Azərbaycan mədəniyyətinin və elminin mühüm nailiyyətinə çevrilə bilər.

Azərbaycanda balet tarixi uzun müddət “simalarda” əks olunub. Bu, balet tarixinin yaradılmasının “yardımçı” formasıdır və onu materiallarla təchiz edir. Əsl balet tarixi isə incəsənətin digər növlərində olduğu kimi simalara yox, profil üzrə ictimai-siyasi hadisələrin doğurduğu mədəni proseslərə, onların zaman kontekstində məntiqi axarına, bədii üslub və istiqamətlərə, məktəblərin yaranmasına, ənənə və müasirliyin vəhdətinə, bütövlükdə təkamül xəttinin ümumiliyinə və qırılmazlığına istinad etməlidir. “Simalar” və onların yaradıcılığı ümumi tədqiqatın predmeti kimi çıxış edir və incəsənət tarixini faktlarla zənginləşdirir. Akademik elmdə incəsənət tarixinin yazılması məhz bu metod əsasında qurulmuşdur və bu gün də həmin sxem üzrə inkişaf edir. Eyni zamanda incəsənət tarixinin (onun çoxsaylı nəzəri-metodoloji aspektləri ilə birlikdə) əsasən başa çatdırılması sənətşünaslığın ənənəvi (təsviredici) bazadan müasir (izahedici) bazaya keçidini təmin edir və bir elm olaraq onun statusunu yüksəldir.

Balet tarixi ilə yanaşı, balet nəzəriyyəsinin də öyrənilməsi milli baletşünaslığın qarşısında duran əsas vəzifələrdəndir. Digər tədris-təcrübə sahələrində olduğu kimi, balet nəzəriyyəsi pedaqogika və metodika ilə sıx vəhdətdə inkişaf edir. Bu baxımdan balet nəzəriyyəsini tədris-musiqi nəzəriyyəsi ilə müqayisə etmək olar. Sözügedən sahələrdə nəzəri mənbələr tədris prosesinin mühüm metodoloji bazasını təşkil edir. Məhz bunun təsirindəndir ki, keçmiş sovet və müasir rus baletşünaslığında nəzəri problemlər bir qayda olaraq tədris prosesi ilə ümumi kontekstdə işıqlandırılır (Akim Volınski, Aqrippina Vaqanova, Tatyana Veçeslova, Rostislav Zaxarov və başqalarının əsərlərində olduğu kimi), “xalis” nəzəri görüşlər isə estetika, etika, son dövrlərdə isə həm də kulturologiyanın öhdəsinə buraxılır. Burada balet nəzəriyyəsi estetik müstəvidə araşdırılır. Lakin Azərbaycan xoreoqrafiyasında balet nəzəriyyəsi hələlik tədris metodikasına istinad edir və akademik elm səviyyəsində işıqlandırılmayıb.

Tədris prosesində nəzəri-metodoloji baza on illər boyu mövcud olduğu halda akademik elmdə nəzəri məsələlər əsasən keçən əsrin axırıncı rübü və müstəqillik illərində işıqlandırılmağa başlanmışdır. İmran Şıxəliyevin musiqi, Telman İbrahimovun təsviri sənət nəzəriyyəsi sahəsindəki son tədqiqatları diqqəti cəlb edir. Naidə Hacıyevanın “Estetika, peşə etikası və psixologiya” kitabında nəzəri baza fəlsəfi fikir və estetika tarixinə istinad edir, bununla da daha çox akademik əsər təsiri bağışlayır. Deyildiyi kimi, təlim xarakterli nəzəri-metodoloji baza xoreoqrafiya təhsilində də mövcuddur. Bu, təlim prosesinin aparılması üçün vacibdir və dərslik-proqram xarakteri daşıyır. Lakin bunu akademik müstəvidə formalaşan nəzəri-estetik görüşlərlə müqayisə etmək olmaz. Bunun üçün öncə tarixi bazanın formalaşması tələb olunur.

Biz yuxarıda balet tarixinin yaradılmasının iki mərhələsini – 2014-cü ilə qədər və sonrakı dövrləri qeyd etdik. Əgər 2014-cü ilə qədər balet tarixi faktiki olaraq diqqətdən kənarda qalmışdısa, son beş ildə bu sahədə xeyli işlər görülmüşdür. Bakı Xoreoqrafiya Akademiyasının yaradılması bu prosesə təkan vermişdir. Artıq Azərbaycan baletinin tarixi inkişafını əks etdirən ilk irihəcmli tədqiqat işləri işıq üzü görüb. Eyni zamanda dünya balet tarixini əks etdirən tədqiqatlar rus dilindən tərcümə olunaraq Azərbaycan oxucularının diqqətinə təqdim edilmişdir. Bu tədqiqatlar Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətinin gərgin, məhsuldar əməyi, ciddi elmi-nəzəri bazaya malik olması sayəsində işıq üzü görüb. Əlbəttə, Bakı Xoreoqrafiya Akademiyasının əsas vəzifəsi dünya miqyasında yüksək peşəkarlıq səviyyəsi ilə seçilən xoreoqraf kadrlar hazırlamaqdır və bu sahədə çox ciddi işlər aparılır. Akademiya elmi tədqiqat sahəsindəki fəaliyyətini də durmadan inkişaf etdirir və onilliklər ərzində diqqətdən kənarda qalmış milli balet sənəti tarixinin yaradılmasına öz töhfəsini verir. Ümid edirik ki, artıq yaxın illərdə Azərbaycan balet tarixi, nəzəriyyəsi və tənqidinin inkişaf etdirilməsinin fundamental elmi əsasları formalaşacaqdır.

Timuçin ƏFƏNDİYEV
Əməkdar elm xadimi, professor, Bakı Xoreoqrafiya Akademiyasının rektoru