Dekabrın 17-də – filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümündə Bakı Dövlət Universitetində (BDU) görkəmli mətbuat xadiminin barelyefinin açılış mərasimi keçirilib. Barelyef BDU-nun Mətbuat tarixi kafedrasının qarşısında vurulub.
Mərasimdə universitetin rektoru Elçin Babayev çıxış edərək vurğulayıb ki, Şirməmməd Hüseynovun ömür yolu hər bir kəsə örnəkdir. Rektor Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Bildirib ki, alimin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla davam etdirib. Onun ən böyük sərvəti tələbələri, yetirmələridir. Hazırda Şirməmməd müəllimin işi davam etdirilir. Çünki o, Azərbaycan jurnalistikasının tarixini araşdıraraq, çox böyük elmi irs qoyub.
Bütün iştirakçılara minnətdarlığını bildirən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova da hər kəsə minnətdarlığını bildirərək deyib: “Əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Şirməmməd Hüseynov 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı”.
Tədbirdə Milli Məclisin deputatları Əflatun Amaşov, Cavanşir Feyziyev, professorlar Cahangir Məmmədli, Solmaz Rüstəmova-Tohidi və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. O, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərib.
Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Yubiley münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.