Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi, bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddəki Mukimi adına Dövlət Musiqili Teatrında tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə “Azərbaycan – Şərqin konservatoriyası” adlı sərgiyə baxıblar. Ölkəmizin zəngin musiqi ənənələri, muğam sənəti haqqında məlumat verilib.
AMM-nin direktoru Samir Abbasov tədbirdə çıxış edərək Şərqin zəngin musiqi ənənələrinə malik Azərbaycan incəsənətindən danışıb, muğam sənəti, onun dünyada tanıdılması ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat verib. Bu istiqamətdə Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində reallaşdırdığı təqdimat mərasimlərinin önəmi vurğulanıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinov, Respublika Muğam Mərkəzinin direktoru, professor Saibcon Bekmatov 1997-ci ildən Özbəkistanda ənənəvi olaraq (iki ildən bir) keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsilçilərinin də fərqləndiklərini, yüksək mükafatlara layiq görüldüklərini qeyd ediblər. Onun sözlərinə görə, bu bir daha Azərbaycanın zəngin mədəniyyətə, musiqi sənətinə malik olduğunu sübut edir.
Tədbirdə daha sonra müxtəlif vaxtlarda “Şərq təranələri” festivalının qalibi olmuş azərbaycanlı sənətçilərin konsert proqramı təqdim edilib. Xalq artistləri Simarə İmanova (Qran-pri), Zabit Nəbizadə (ikinci mükafat), Əməkdar artist, tarzən Sahib Paşazadə (Qran-pri), gənc xanəndə Pərviz Qasımov (birinci mükafat) Azərbaycan xalq mahnıları, muğam və təsniflərimizi ifa ediblər. Onları əməkdar artistlər Malik Mansurov (tar), Kamran Kərimov (nağara), Ramin Rzayev (tar) və Elnur Mikayılov (kamança) müşayiət ediblər.
Alqışlarla qarşılanan konsert proqramı “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatıb.