P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Azərbaycan bəstəkarlarının kamera musiqisi” adlı konsert təşkil olunub.
Tədbiri Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova açaraq, ölkəmizdə klassik musiqinin inkişaf tarixindən danışıb. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni təqdim edərək bildirib ki, dövrümüzün məşhur bəstəkarlarından olan Firəngiz xanımın parlaq, füsunkar, qəlboxşayan musiqisi dünyanın bir çox ölkələrində sevilərək ifa olunur. Bəstəkarın baletləri Helsinki və Nyu-York, Berlin və İstanbul səhnələrində yer alıb. N.Axundova deyib: “Dahi Qara Qarayevin tələbəsi olan Firəngiz Əlizadə Şərq musiqisini dünyaya yeni tərzdə təqdim edib, muğam fəlsəfəsinin sirlərini açıb”.
Daha sonra Firəngiz Əlizadə Moskva səhnəsində çıxış edəcək gənc musiqiçiləri təqdim edərək bildirib ki, onlar müxtəlif beynəlxalq müsabiqələrin laureatlarıdırlar. O, Azərbaycanda istedadlı gənc musiqiçi və bəstəkarlar nəslinin yetişdiyini vurğulayıb.
Konsertdə Ümidə Abbasova (skripka), Emin Hüseynov (skripka), Nəzrin Aslanlı (skripka), İlqar Rzayev (alt), Orxan Hüseynov (violonçel), Səidə Tağızadə (fortepiano), Tural Məmmədlinin (fortepiano) ifasında Firəngiz Əlizadənin “Muğamsayağı”, Qara Qarayevin skripka və fortepiano üçün sonatası, Fikrət Əmirovun “1001 gecə” baletindən rəqs, Oqtay Zülfüqarovun skripka və fortepiano üçün “Skerso”su və digər əsərlər səslənib. Gecədə Xalq artisti Firəngiz Əlizadə də fortepiano arxasına keçərək ifası ilə tamaşaçıların alqışını qazanıb.