Ankarada görkəmli qırğız balet ustası Çolponbek Bazarbayevin anadan olmasının 70-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirlə bağlı Türkiyəyə səfər edən Qırğızıstan Mədəniyyət, Məlumat və Turizm nazirinin müavini Baktıbek Sekimovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahında olub.

Baş katib Düsen Kaseinovun iştirakı ilə keçirilən görüşdə 2019-cu ildə Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, o cümlədən bu ilin böyük Azərbaycan şairi Nəsimi və Türkiyənin el sənətkarı aşıq Veysəl ili kimi qeyd olunması məmnunluqla xatırlanıb. Qeyd olunan mövzularda keçirilən tədbirlərin mahiyyətindən bəhs edilib.

Düsen Kaseinov TÜRKSOY ilə Qırğızıstan arasında əlaqələri yüksək dəyərləndirib. Vurğulanıb ki, TÜRKSOY bundan sonra da türkdilli ölkələrin mədəniyyətinin təbliğinə töhfələrini əsirgəməyəcək.

Mehparə SULTANOVA
Ankara