Fransanın Kolmar şəhərindəki “Yamaha” musiqi məktəbində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin konserti olub.
İlahə Ahui Azərbaycanın “Sarı gəlin” və digər xalq mahnılarını ifa edib, həmçinin özünün yeni yazdığı “Vals” musiqisini səsləndirib. Onu sazda Sebastyan Duran müşayiət edib.
Kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfində oxuyub. 1999-cu ildə Fransanın Strasburq şəhərinə gələn İ.Ahui bir il sonra Kolmar şəhərinə köçüb və orada yaşayır. 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub. Yerli xor qruplarına dirijorluq edən İ.Ahui cari ildən Kolmardakı “Yamaha” musiqi məktəbində tədrisə başlayıb.