İtaliyada dünyanın ən hündür yolkası – Qubbio şəhəri ətrafındakı İncino dağının ətəyində quraşdırılıb.

Bu, hündürlüyü 750 metr, eni 450 metr olan Yeni il yolkası formasında rəngarəng işıqlandırma sistemidir. Yolkanın zirvəsində hər beş dəqiqədən bir rəngini dəyişən Yeni il ulduzu var. Neon lampaları olan yolka Qubbio şəhərində artıq 38 ildir quraşdırılır. Onu ilk dəfə könüllülər qurublar. Qubbionun “Yeni il gözəli” dünyanın ən böyük yolkası kimi 1991-ci ildə “Ginnesin rekordlar kitabı”na daxil edilib. 2014-cü ildə isə onun işıqlarını Roma Papası Fransisk yandırıb. Yolkanın rəngarəng işıqları yanvarın sonuna qədər şəhər sakinlərinin və qonaqların gözünü oxşayacaq.

***

ABŞ-da keçirilən Milad və Yeni il bayramları ilə əlaqədar, Ağ Evin qarşısındakı Ellips parkındakı “Milli Milad yolkası”nın hündürlüyü isə 15 metrdir. 1923-cü ilin noyabrından başlayaraq Ağ Evin qarşısında yolkanın bəzədilməsi ənənəyə çevrilib. 1954-cü ildən etibarən hər il əsas yolkanın ətrafında onlarca kiçik yolkalar əkilir. Bunlar ABŞ-ın 50 ştatının, Kolumbiya dairəsinin və ölkənin hüdudlarından kənarda ABŞ ərazilərinin rəmzidir.

Yeri gəlmişkən, dekabrın 22-də Ellips parkındakı yolka yanında şənlikdə ölkəmizin Vaşinqtondakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri də çıxış ediblər.

CAVİD