Hara baxırsan, sosial şəbəkədə hansı dostun səhifəsinə gözucu nəzər salırsan, ordan bir qaragöz siçan şəkli boylanır. Ona görə yox ki, hamı heyvansevər, cəsarətli olub.
Soruşa bilərsiniz ki, heyvansevərliyi başa düşdük, cəsarətin bura nə dəxli? O dəxli var ki, 2020-ci ilin şərəfinə sevinə-sevinə siçan şəkli paylaşanlar elə otağın bir küncündən o küncünə ildırım sürəti ilə şütüyən bambalaca bir siçan görsələr, cizgi filmlərindəki siçanlardan möhkəm ciyildəyəcəklər. Hətta küçədə qəfil qarşılarına pitbul fason yekə it çıxanda tükü tərpənməyən ağır abilər də diksinəcəklər. Nədən? O üzdən ki, siçandan diksinmək də, çiyrinmək də bir adətdir. Belə baxanda kirpi də, dələ də siçan kimi gəmiricilər fəsiləsindəndir. Halbuki kimsə nə iynəsi adamın əlinə batan kirpidən, nə də uzuntüklü quyruğu özündən yekə dələdən qorxar. Belə görünür ki, heyvanlar aləmində də hər şeyi təqdimat həll edir.
İndi necə olacaq? Axı, 2020-ci il Siçan ilidir. Ayrı-ayrı münəccimlər bu ilin adını Siçovul, ya da Kəsəyən desələr də, fərq etməz: siçan elə siçandır!...
Siçan 12 illik Şərq təqvimi sistemində birincidir. Belə rəvayət edirlər ki, onun bu cərgəyə düşməsi heç də halallıqla baş verməyib. Yəni ki, Budda illəri bölüşdürmək üçün heyvanları çağıranda Siçan Öküzün belində özünü yetirib və məclis məkanına yetişəndə yerə tullanaraq digərlərini qabaqlayıb. 2020-ci il Ağ metal Siçan ili olacaq. Metal inadkarlıq, mübarizə, möhkəmlik, qətiyyət anlayışlarını özündə birləşdirir, ağ rəngin də anlamı bəllidir.
Əslində, Çin təqviminə görə, Siçan ili təxminən yanvarın 25-də başlayacaq. Bəs 366 gün davam edəcək 2020-ci ildən nələri gözləyəmə dəyər? Çoxları fevral ayının 29 gün sürdüyü 366 günlük illərdən çəkinir, amma nahaq yerə. Siçan əsl gəmirici olduğundan, dişinə batan, gözünə xoş gələn hər şeyi yuvasına daşıdığı üçün 2020-ci ilin maliyyə baxımından ürəkaçan olacağı proqnozlaşdırılır. Bir şərtlə ki, bədxərclik etməyəsiniz. Siçan ilində qənaət etmək, pul yığmaq, yeni evə köçmək, həyat keyfiyyətini yaxşılaşdırmaq kimi əməllərə enerjisini xərcləyənlər peşman olmayacaqlar. Amma unutmayın ki, Siçan – həm də hiyləgər və kinlidir, istənilən vəziyyəti öz xeyrinə çevirməyi bacarır. Buna görə bütün il boyu ayıq-sayıq olmaqda xeyir var. İlin rəmzi olacaq Ağ rəng öz niyyətinə düz yolla nail olmağa çalışan, insanlara hörmət bəsləyən və ətraf aləmi qoruyanlara kömək edəcək. Əyri yollarla məqsədinə doğru gedənləri isə uğursuzluq və peşmanlıq gözləyir.
Gələn ilin Siçan, Öküz, Əjdaha, Meymun və Qaban ilində doğulanlar üçün uğurlu, Pələng, Dovşan, At, Qoyun və Xoruz ilində dünyaya gələnlər üçün gərgin, İlan və İt ilində doğulanlar üçün neytral il olacağı da proqnozlaşdırılır.
…Belə baxanda siçan o qədər də qorxulu, ya da dəhşətli heyvan deyil ki, onun “hakimiyyəti” altında keçəcək 2020-ci ilin də hədsiz gərgin olacağından çəkinəsən.
Vaxtilə münəccimlər bir sistem, illərin təhvil-təslim qaydası düzüb-qoşublar, biz də axına düşüb, onların yazdıqlarına baxıb nələrisə qələmə aldıq.
Qarşıdan gələn 2020-ci il qoy hər kəsə, o cümlədən “Mədəniyyət” qəzetinin oxucularına firavanlıq, uğur gətirsin!
GÜLCAHAN