2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, Leyla Bədirbəylinin yubileyi geniş şəkildə qeyd ediləcək.
Sərəncamda qeyd olunur ki, Leyla Bədirbəyli Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına parlaq səhnə həyatı verib. Aktrisa “Arşın mal alan” filmində (1945) Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinonu daha da zənginləşdirib.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.