Ötən il ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə musiqi, teatr və təsviri sənət sahələrinin inkişafı, təbliği və milli incəsənətimizin dünyada tanıdılması məqsədilə müxtəlif beynəlxalq və respublika əhəmiyyətli tədbirlər, sərgilər, festivallar, mədəniyyət günləri keçirilib.
Fevral ayında Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş İslam ölkələrinin Mədəniyyət festivalında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, 20-dək müsəlman ölkəsinin folklor musiqi kollektivi çıxış edib.
Apreldə Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi də yaddaqalan olub. Tamaşa Fransanın “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş etdirilib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı aprel ayında Qırğızıstanın Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin açılış mərasimində ölkəmizi layiqincə təmsil edib. Həmin ayda (22-27 aprel) Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilib.
Mayın 12-də Monte-Karlo Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert təşkil olunub. Konsertdə Xalq artisti Rauf Abdullayevin dirijorluğu altında Monte-Karlo Filarmonik Orkestrinin müşayiəti ilə Xalq artisti Alim Qasımov və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış ediblər. Bu tədbir də “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş olunub.
May ayında Sankt-Peterburq şəhərində TÜRKSOY təşkilatının təşəbbüsü ilə türk xalqlarının musiqisindən ibarət konsertlər verilib. Tədbirlərdə Xalq artisti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru Ağaverdi Paşayev və Əməkdar artist, tarzən Sahib Paşazadə iştirak ediblər.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixində reallaşan XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da milli incəsənətin təbliği və tanıdılmasına daha bir töhfə olub. ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin qatıldığı budəfəki Üzeyir Hacıbəyli festivalının proqramı ilk dəfə olaraq “Mezzo” musiqi kanalında yayımlanıb.
Oktyabrda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilən “Moskva forumu” XVI Beynəlxalq Müasir Musiqi Festivalında Əməkdar artist, tarzən Sahib Paşazadə görkəmli bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri ilə çıxış edib. Həmin ay Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında da Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert keçirilib. Professor Fərəc Qarayevin layihə rəhbəri olduğu konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 15 nəfərlik heyəti və solist Fəridə Məmmədova çıxış ediblər.