Avstriyanın paytaxtında F.Şubert adına Vyana Konservatoriyası tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib.
Konsertdə Çin, Koreya Respublikası, Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də çıxış edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu Ayan Məmmədli Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbədir. O, Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır.
Konsertdə Şubert, Brams, Bax, Motsart, Haydn və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib. Ayan Məmmədlinin fortepianoda solo ifası da böyük rəğbətlə qarşılanıb. Konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri onun ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq Ayan son dərəcə professional bir ifa təqdim edib. Həmyerlimiz Ayan Məmmədlinin təhsil aldığı Avropada qazandığı uğur həm də doğma vətəninin uğurudur.