Türkiyənin paytaxtı Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi sərgi açılacaq.
Qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.
Sərgi 20 yanvar – 9 fevral tarixlərində Ankaradakı “Alov” sənət qalereyasında keçiriləcək. M.Əliyevin sözlərinə görə, sərgidə onun 32 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, rəssamın Türkiyədə və başqa ölkələrdə sərgiləri təşkil olunub. Vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər onun yaradıcılığında əsas mövzudur.