AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurasının qərarı ilə Nabatəli Qulamoğlunun (Pələngov) “Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” kitabı çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımov, rəyçiləri professorlar Qara Məşədiyev, İsmayıl Kazımov və İsmayıl Məmmədlidir.

Monoqrafiya ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Nəşrdə durğu işarələri və punktuasiya arasındakı fərqlərə, “orfoqrafik işarələr” və “durğu işarələri” anlayışlarının izahı ilə bağlı yanlış yanaşmalara aydınlıq gətirilib. Həmçinin punktuasiyanın prinsipləri nümunələr əsasında şərh edilib, mürəkkəb konstruksiyalı cümlələrdə durğu işarələrindən istifadənin bir çox hallarda fakültativ xarakter daşıması diqqətə çatdırılıb. Göstərilib ki, nöqtəli vergülün ayırdığı qrupun tərkib hissəsi bir komponentdən də ibarət ola bilər. Bundan əlavə, mürəkkəb cümlələrin fərqli intonasiya ilə söylənən komponentlərinin bir-birindən tire vasitəsilə ayrılmasının vacib olduğuna dair əsaslar gətirilib. Bununla bağlı bədii mətnlərdən nümunələr verilib.

Müəllif yazır ki, punktuasiya dilçilikdə xüsusi əhəmiyyət kəsb edən sahədir. Təəssüf ki, bu cür vacib sahəyə lazımi qədər diqqət yetirilməyib. Qırx ildən çoxdur ki, bu barədə geniş tədqiqat işi aparılmır. Mövcud tədqiqat işləri isə ciddi nöqsanlarla müşahidə edilir. Ən başlıcası, bir çox dilçi alimlərimiz hələ də “punktuasiya” və “durğu işarələri” anlayışlarını eyniləşdirməkdə davam edirlər. Qəbul imtahanı zamanı durğu işarələrinə dair verilmiş test tapşırıqlarında tez-tez nöqsanlar aşkar edilir. Hətta punktuasiyanın əsas dayağı olan elmi üslubda belə qaydalar kobudcasına pozulur.

Bu baxımdan “Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” monoqrafiyası müəllimlər, qəzet redaktorları, jurnalistlər və nitq mədəniyyəti ilə məşğul olan digər şəxslər üçün çox gərəklidir.