Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm və heykəltəraşlıq sərgisi açıldı.

Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir: “Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlara həkk etmək üçün sənətkarlarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. Bu qəbildən əsərlərin əksər hissəsi Milli İncəsənət Muzeyinin fonduna da daxil edilib. Bugünkü sərgidə 70-ə qədər əsər nümayiş olunur. Bura rəngkarlıq, qrafika işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də daxildir”.

Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov məlumat verdi ki, sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa əsərləri nümayiş olunur.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” sərgisi yanvarın sonuna qədər davam edəcək.

L.AZƏRİ