Türkiyədə 20 Yanvarın ildönümü silsilə tədbirlərlə qeyd olunub

Azərbaycan tarixinin hüzn və şərəf səhifəsi olan 1990-cı il 20 yanvar faciəsinin  qurbanları Türkiyənin bir sıra şəhərlərində müxtəlif tədbirlərlə anılıb.

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisi açılıb. Qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.

Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, QHT təmsilçiləri, müəllifin sənət yoldaşları iştirak ediblər.

***

“Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının 19 yanvarda efirə gedən verilişi Qara Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb.

Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi Halil Balqonaq olublar.

Verilişdə 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə danışılıb, videoçarx nümayiş etdirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr edilmiş “Ağla, qərənfil, ağla” kitabı təqdim edilib.

***

Türkiyə Vəkillər Kollegiyasında 20 Yanvarın 30 illiyi ilə bağlı konfrans keçirilib. Tədbirdə şəhidlərin ruhlarına dualar oxunub. Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli film nümayiş olunub.

Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu 20 Yanvar qətliamının beynəlxalq hüquq baxımından insanlığa qarşı işlədilmiş cinayətlər sırasına daxil edilməsi və cavabdehlərin məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 30 il öncə ilə indiki Azərbaycanı müqayisə edib və bildirib ki, bu gün Azərbaycanın hərbi gücü, qüdrəti, beynəlxalq aləmdə nüfuzu var.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim bildirib ki, Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində Qanlı Yanvar Türkiyə xalqının nəzərində Şanlı Yanvara çevrilib.

Sonra professor Aygün Əttarın sədrliyi ilə konfransın panel hissəsi keçirilib. Ortadoğu Texniki Universitetinin  professoru Hüseyn Bağçı, Türkiyə Prezidenti Administrasiyasının Səhiyyə və Qida Siyasəti Qurumu üzvü Necdət Ünüvar və  Təhlükəsizlik və Xarici Əlaqələr Qurumunun üzvü İsmayıl Safi məruzələrlə çıxış ediblər. 

Tədbirdə millət vəkilləri Mətin İşıq, Abbas Bozyel, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Türk Şurasının baş katiblik heyəti, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, siyasətçi Sinan Oğan, universitet müəllimləri, Türkiyədəki hərbi məktəblərin və digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdən sonra “Qanlı Yanvar” adlı rəsm sərgisi də keçirilib.

***

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb. Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Tədbirin aparıcısı – sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım 20 Yanvar barədə məlumat verib.

Dərnəyin sədri Səfər Qaraqoyunlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in üzvü Hayrettin Nuhoğlu və digərləri 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanda törədilmiş faciədən danışıblar. Bildirilib ki, yaddaşlara əbədi həkk olunmuş bu faciə, əslində, Azərbaycan türklərinin 70 illik əsarətə son qoyduğu və zülm qarşısında əzmlə dayandığı gündür.

***

İstanbulun Yeni Yüzyıl Universitetində də anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, universitetin idarə heyətinin sədri Azmi Ofluoğlu və başqa çıxış edənlər 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Universitetin qalereyasında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Sərgidə faciənin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.

Sərgiyə baxan universitetin müəllim-tələbə heyəti və qonaqlar müstəqillik uğrunda mübarizədə şəhid olan soydaşlarımızın xatirəsini ehtiramla yad etdiklərini bildiriblər.

***

İzmirdə  fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyində təşkil olunan mərasimdə şəhidlərimizin ruhlarına dualar oxunub. Dərnəyin sədri Mülazim Pahsa 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdiyi cinayətin dəhşətlərindən danışıb.

***

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu, Diyarbəkir Diclə Universiteti, o cümlədən bu təhsil olacağında fəaliyyət göstərən Qum sənəti və sosial fəaliyyətlər klubunun birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.

“Azərbaycanın ağlayan qərənfilləri” adlı tədbirdə Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, digər rəsmilər, universitetin professor-müəllim və tələbə heyəti, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diclə Universitetinin rektoru Talip Gül və digərləri vurğulayıblar ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. Qeyd edilib ki, bütün məsələlərdə olduğu kimi, 20 Yanvar faciəsi ilə bağlı da Türkiyə həmişə Azərbaycanın yanındadır və bundan sonra da ondan qardaş dəstəyini əsirgəməyəcək.

Mehparə SULTANOVA
Ankara