Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Bu il 50-ci dəfə təşkil olunan foruma 117 ölkədən 3 minə yaxın nümayəndə qatılıb. Yanvarın 21-də başlayan yubiley forumunun əsas mövzusu texnoloji yeniliklərdən istifadə edərək təbii ehtiyatları qoruyub gələcək nəsillərə çatdırmaqla bağlıdır.
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib. Yanvarın 21-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulanıb.
Görüş zamanı Azərbaycanın dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi niyyət protokolu imzalanıb. Sənədə əsasən, Davos Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.
Söhbət əsnasında vurğulanıb ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Prezident İlham Əliyev bu razılaşmanın əlaqələrimizin davamı, yeni səhifəsi üçün yaxşı başlanğıc olduğunu deyib: “Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq”.
Borge Brende ümidvar olduğunu bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.
Avrasiyaya yeni baxışda Azərbaycanın yeri
Prezident İlham Əliyev yanvarın 21-də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib. İclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olunub, ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Yanvarın 22-də Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda panel iclası keçirilib. İclasda iştirak edən dövlətimizin başçısı panelin moderatorunun suallarını cavablandırıb.
Prezident Azərbaycanın uzaq-yaxın tərəfdaşları və qonşuları ilə münasibətlərindən bəhs edərək bildirib ki, bu münasibətlərdə milli maraqlarımız həmişə birinci yerdədir. Ölkəmizin əldə etdiyi nailiyyətlər, həyata keçirilən islahatlar Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapıb. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə görə ölkəmiz dünyada iyirmi yeddinci yerdədir.
Moderatorun Azərbaycanda hökumətin yenilənməsi, gənc texnokratların irəli çəkilməsi barədə sualına cavabında Prezident İlham Əliyev deyib: “Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”.
Dövlət başçısı diqqətə çatdırıb ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Məsələn, Davos Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi: “İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir... Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir”.
“Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq”
Prezident İlham Əliyev moderatorun sualına cavab olaraq Azərbaycanda gənc nəslin istəklərinin qarşılanması istiqamətində atılan addımlardan da bəhs edib. Qeyd edib ki, Azərbaycan gəncləri startap biznesində fəaldır, hökumət məsələlərinə fəal cəlb olunublar: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir... Biz bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.