UNESCO-nun Parisdə keçirilən “Qadınlar çoxtərəfli diplomatiyada: rolu, çağırış və perspektivlər” adlı konfransda Azərbaycan cəmiyyətində qadınların yerindən söz açılıb.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov konfransda çıxışı zamanı müsəlman Şərqində ilk qız məktəbinin 1901-ci ildə Bakıda açıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, qadın hüquqları, qadınların təhsili Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əsas prioritetlərdən olub. 1918-ci ildə Azərbaycan Parlamenti formalaşarkən müsəlman dünyasında ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilib.
Səfir Azərbaycan cəmiyyətində qadınların rolunun tarixindən də bəhs edib, XII əsrdə yaşamış mütəfəkkir, görkəmli şairə Məhsəti Gəncəvi barədə danışıb. Bildirib ki, həmin dövrdə qadınların hüquqları uğrunda mübarizə aparan şairənin 900 illiyi 2013-cü ildə UNESCO-nun yubileylər proqramı çərçivəsində qeyd olunub.
Konfrans çərçivəsində müxtəlif ölkələrin yaradıcı qadınlarının əsərlərindən ibarət sərgi təşkil edilib. Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri də sərgidə nümayiş olunub.