Azərbaycan

28 yanvar 1908 – Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60). “Maskarad”, “Ağıldan bəla” operalarını Bakıda yazıb.

28 yanvar 1925 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (1925 – 19.8.1977) Naxçıvanda anadan olub. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir.

28 yanvar 1980 – Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 – 1980) vəfat edib.

28 yanvar 1985 – SSRİ Xalq artisti, görkəmli teatr rejissoru, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 – 1985) vəfat edib.

28 yanvar 2015 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 – 2015) vəfat edib. “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri” və s. pyeslərin müəllifidir.

 

29 yanvar 1926 – Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

29 yanvar 1927 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 – 20.2.1999) anadan olub. Akademik Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncədə anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma.” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; (1912-1956) anadan olub.

 

29 yanvar 1860 – Rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) anadan olub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, “Üç bacı” (pyes), “6 nömrəli palata”, “Mujiklər” (povest), “Buqələmun”, “Qılaflı adam” (hekayə) və s.

29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

 

30 yanvar 1923 – Kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 - 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.

Hazırladı:  Vüqar ORXAN