UNESCO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyinin bu ildə ilk tədbiri keçirilib. Tədbirdə Azərbaycanın qurum yanında daimi nümayəndəsi, UNESCO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov çıxış edib.

O, dərnəyə yeni qoşulmuş nümayəndələrə onun yaranması, fəaliyyəti və məqsədləri haqqında məlumat verib. Bildirib ki, dərnək qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynayır və onların ümumi şəbəkəsidir, çoxtərəfli əlaqələrin inkişafına töhfə verir.

Diqqətə çatdırılıb ki, bu tədbir eyni zamanda UNESCO-nun 75 illiyinin bayram edilməsinin başlanğıcıdır. Tədbir çərçivəsində ənənəyə uyğun olaraq dərnəyin fəal üzvlərinə diplom və medallar təqdim edilib.

Qeyd edək ki, müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndəliklərini bir araya gətirən dərnək 1992-ci ildə yaradılıb və həmin ildən Azərbaycan dərnəyin üzvüdür. Dərnək qeyri-formal əlaqələri inkişaf etdirmək və UNESCO ailəsi nəzdində dostluq əlaqələrini daha da möhkəmləndirmək istiqamətində qurumun yeganə forumudur. 2019-cu ilin iyun ayında Azərbaycanın UNESCO yanında təmsilçisi, səfir Anar Kərimov Daimi Nümayəndələr Dərnəyinin prezidenti seçilib.