Ölkəmizin Braziliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və San-Paulo meriyasının dəstəyi ilə bu şəhərdəki Penya Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının fotosərgisi açılıb.

Səfirlikdən bildiriblər ki, yanvarın 26-dan fevralın 28-dək davam edəcək sərgidə Azərbaycan xalçaçılıq sənətinə, xalçaçılıq məktəbi nümunələrinə aid fotolar yer alıb.

Sərginin açılış mərasimində San-Paulo şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli universitetlərin incəsənət mütəxəssisləri, şəhər meriyasının işçiləri və sakinlər iştirak ediblər.

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, şəhər meriyasının Beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Kamila Assis və Penha Mədəniyyət Mərkəzinin direktoru Valkiria Qama Nasimento açılış mərasimində çıxış ediblər.

Sərgidə 20 Yanvar hadisələrinə və Xocalı soyqırımına həsr edilmiş jurnal, buklet, kitab və digər çap materialları da təqdim olunub.

Səfir Elxan Poluxov çıxışında 20 Yanvar və Xocalı faciələri barədə iştirakçılara məlumat verib.