Azərbaycan Hökuməti və UNESCO arasında 2013-cü il sentyabrın 24-də imzalanmış təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə “Çərçivə sazişi” növbəti 5 ilə uzadılıb.

“Çərçivə sazişi”nə dəyişikliklər edilməsi haqqında protokol qurumun qərargahında Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv lö So və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tərəfindən imzalanıb.

Xatırladaq ki, ötən dövr ərzində sazişə uyğun olaraq, Azərbaycan və UNESCO arasında təsis edilmiş Etimad Fondundan ölkəmiz tərəfindən seçilmiş müxtəlif layihələr maliyyələşdirilib. Uqanda, Tanzaniya və Keniyada təhsil sistemində gender bərabərliyinin təşviqinə, qızların həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların tibbi savadlılığının artırılmasına yönəldilmiş layihələr həyata keçirilib. Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı iki layihə, CapEFA (“Hər kəs üçün təhsil üzrə bacarıqların artırılması”) Proqramı çərçivəsində Liberiyada həyata keçirilən layihə də Etimad Fondundan maliyyələşdirilib.

Bundan əlavə, Azərbaycan Haitidə zəlzələ nəticəsində zərər çəkmiş Cakmel şəhərinin mərkəzinin tarixi hissəsinin bərpasına yönəlmiş layihəyə dəstək verib.

İpək Yolu boyunca yaşayan müxtəlif icmaların nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən “Dialoq, müxtəliflik və inkişaf üçün Böyük İpək Yolu onlayn platforması” layihəsi də Azərbaycan tərəfindən dəstəklənib.