Dörd ildən bir gün sayını artıraraq digər aylarla “ayaqlaşmağa” çalışan fevralın builki sənət mənzərəsi də mədəniyyət ocaqlarında tədbir və təqdimatlar sarıdan daha zəngindir. Elə isə 29 günlük fevral ayında paytaxtın teatr-konsert müəssisələri, sərgi və kino salonları şəhər sakinlərinə və qonaqlara nələr təqdim edəcək?
Bu ay teatrlarda nümayiş olunan tamaşalardan, konsert salonlarındakı musiqi axşamlarından, yaxud film və sərgi nümayişindən hansılarını vaxt ayırıb izləyə bilərsiniz? “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi bu işdə sizlərə həmişəki kimi təmənnasız bələdçilik edə bilər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
Nəşrin yeni çapdan çıxan fevral buraxılışında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də paytaxtda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının bu ay göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür.
Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və orqan musiqisi zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında, Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının zalında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Nizami Kino Mərkəzində yeni filmləri izləmək istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Fevral ayında paytaxtımızın müxtəlif ölkələrdən sənətçi qonaqları da olacaq. Onların iştirak edəcəyi tamaşa və konsertlər barədə məlumatlar da “Afişa”da yer alıb. Bu ay 75 illiyini qeyd edən görkəmli musiqiçi, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti yubiley münasibətilə Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq. “Afişa”nın üz qabığı bu dəfə həmin tamaşaya ayrılıb.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin fevral sayı yanvarın 31-dən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr də əldə edə bilərlər. Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.