Malayziyanın ilk ali təhsil ocağı olan Malaya Universitetinin “SARE” (Southeast Asian Review of English) elmi tədqiqat jurnalında Azərbaycan saz-söz sənətinin nümayəndələrindən Aşıq Bəsti haqqında məqalə dərc edilib.
“Sazım yardan ötrü fəryad edir” adlı məqalə Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənəti Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin professoru, elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən ingilis dilində qələmə alınıb.
Elmi nəşrin 56-cı cildinin 2-ci nömrəsində dərc olunan məqalədə, əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra XIX əsr Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən Aşıq Bəstinin həyat və yaradıcılığından, ifaçılıq və poetik istedadından bəhs edilir. Yazıda Aşıq Bəstinin hələ XIX əsrdə Azərbaycandakı qadın emansipasiyasını nümayiş etdirən yaradıcı şəxsiyyət olduğu və həmin dövrdə bunun müsəlman Şərqi üçün mütərəqqi göstərici sayıldığı vurğulanır.
Məqalədə Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş seçmələr də təqdim olunur.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətləndirərək müəlliflərə nailiyyətlər arzulayıb. 2009-cu ildə aşıq sənətimizin UNESCO-nun siyahısına daxil edildiyini diqqətə çatdıran səfir qeyd edib ki, bu məqalə vasitəsilə malayziyalı sənətsevərlər və tədqiqatçılar Azərbaycanın əzəli torpaqlarından olan Kəlbəcərin qadın incəsənət ustadlarından Aşıq Bəsti barədə məlumat öyrənir, eyni zamanda hazırda işğal altında olan torpaqlarımıza məxsus böyük mədəni irsimizlə tanış olmaq imkanı qazanırlar.