Azərbaycan

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951-2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, truppa müdiri olub.

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, “Səməndər quşu” kukla teatrında rejissor işləyib, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 – 1990) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

4 fevral 1945 – Əməkdar rəssam Fərman Səməd oğlu Qulamov (1945 – 23.12.2016) Astara rayonunda doğulub. Əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasında, Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır.

 

5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 – 13.5.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poemasının müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi” və s. filmlərə musiqi yazıb. 30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 – 12.8.1981) anadan olub.

5 fevral 1942 – Teatr xadimi Ağakərim Səftər oğlu Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub.

5 fevral 1963 – Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb, kinoda yaddaqalan obrazlar yaradıb.

 

6 fevral 1924 – Xalq artisti Firəngiz Abbas Mirzə qızı Şərifova (1924 – 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.

6 fevral 1927 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 – 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər” və s. filmlərdə çəkilib.

6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə məşğul olub.

 

Dünya

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

 

4 fevral 1873 – Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.

 

5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.

 

6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

Hazırladı:  Vüqar ORXAN