Sankt-Peterburqda Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinin sərgisi keçiriləcək
Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin mədəni irsinin xaricdə təbliği işində də fəal iştirak edir. Muzeyin bu istiqamətdə əsas fəaliyyəti xarici muzey kolleksiyalarında saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, həmin muzeylərdə qorunan Azərbaycan xalçalarının kataloqlaşdırılması və sərgilərin təşkilidir.
Bu sahədə əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq həyata keçirilir.
Muzeydən bildirilib ki, növbəti layihə Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyi ilə birgə həyata keçiriləcək. Bu muzeyin kolleksiyasında Azərbaycana aid böyük etnoqrafik material qorunub saxlanılır. “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı layihə çərçivəsində burada qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinin elmi araşdırılması, kataloqlaşdırılması və sərgisinin keçirilməsi nəzərdə tutulub. Sərgi 2020-ci ilin noyabr ayında Sankt-Peterburq şəhərində təşkil olunacaq IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçiriləcək. Qeyd edək ki, builki beynəlxalq tədbirdə ölkəmiz “fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.
Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rusiyalı həmkarı Yuliya Kupina ilə görüş keçirib. Görüşdə layihənin aspektləri müzakirə olunub. Həmçinin gələcəkdə Rusiya Etnoqrafiya Muzeyinin sərgisinin Bakıda keçirilməsi haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, fevralın 4-də Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.