Deyirlər, Tanrı yaratdığı bəndələrinin hər birinə istedad verir: kiminə az, kiminə çox, kiminə isə daha çox. Dörd yaşlı Ləmanı valideynləri məktəbə gətirərək, “bu uşaq bütün günü piano çalır”, - deyə müraciət etdilər. Biz onun musiqi qabiliyyətini yoxlayıb əvvəlcə hazırlıq qrupuna yazdıq, 6 yaşı tamam olanda birinci sinfə qəbul etdik.

Həmin il birinci siniflərin ümumşəhər konsertində R.Behbudov adına Mahnı Teatrında Ləman Seyidova ilk dəfə səhnəyə çıxdı və uğurlu ifası maraqla qarşılandı.

Qısa müddətdə Ləmanın sorağı xarici ölkələrdə keçirilən festival və müsabiqələrdən gəlməyə başladı. O, 2016-cı ildə Türkiyənin İzmir şəhərində Pianoçuların “Mozart Academy” II Beynəlxalq müsabiqəsində III yerə layiq görülərək laureat adını qazandı. Bir il sonra Almaniyanın Köln şəhərində “ClaviCologne” müsabiqəsində II yerə, Avstriyanın paytaxtı Vyanada “Edelweiss” II Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görüldü.

2018-ci ildə Ləman öz doğma məktəbində solo konsertlə çıxış etdi. O, rəssamlıqla da maraqlandığı üçün səhnə onun rəsmləri ilə bəzənmişdi. Proqrama Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil edilmişdi. Ləman bu proqramla həmin il “Piano Talents” (Milan, İtaliya) və “Premio Citta di Padova” (Paduya, İtalya) beynəlxalq müsabiqələrindən birincilik əldə etdi. Eyni zamanda gənc pianoçuların İqumnov adına XI (Lipetsk, Rusiya) və Sezar Frank adına (Belçika) beynəlxalq müsabiqələrində II yerə layiq görülərək laureat adını qazandı. Bu müsabiqədə münsiflər heyətinin üzvü, tanınmış pianoçu, professor Sergey Milşteyn Ləmanla tanış olur və istedadını yüksək qiymətləndirir.

Bakıda keçirilən “Simurq” uşaq musiqi festivalı (2018) çərçivəsində Ləman Rusiyadan olan pianoçu-pedaqoqlar Mira Marçenko, Aleksandra Qindina, Daniila Sayamova və Tatyanova Titovadan ustad dərsləri alıb. Qısa müddətdə yeni proqram hazırlayan musiqiçi “Astana Piano Passion” (Nur Sultan, Qazaxıstan) beynəlxalq müsabiqəsində uğurla çıxış edib.

Ötən ilin yayında Ləman müəllimi Kamilla Əmirova ilə birlikdə Mira Marçenkonun rəhbərliyi ilə Xorvatiyada (Troqir) yay məktəbində, professor Sergey Milşteynin rəhbərliyi ilə Breşiidə (İtaliya) keçirilən yay məktəbi və festivalda, Dobiakkoda (İtaliya) keçirilən “Wunderkinder” gənc musiqiçilərin festivalında iştirak edib. Sentyabrda balaca pianoçu Krasnoqorsk musiqi festivalında iştirak edərək Moskvanın Qələbə Muzeyində təşkil olunan konsertdə çıxış edib.

2020-ci il isə balaca Ləman üçün daha çox yadda qalacaq. Belə ki, o, yanvarın 10-dan 15-dək Milanda keçirilən gənc pianoçuların Bethoven müsabiqəsində iştirak edərək diplom və pul mükafatına layiq görülüb.

Breşii festivalında professor S.Milşteyn Ləmanı çalışdığı Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət etmişdi. Bir müddətdən sonra onun imtahansız konservatoriyaya qəbul olunduğu xəbəri gəldi... Artıq 11 yaşlı Ləman Heydər Əliyev Fondunun dəstəyi ilə Cenevrə Konservatoriyasının tələbəsidir.

Ləmanın bu günə qədər əldə etdiyi uğurlara görə Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürümüzü bildirir, istedadlı pianoçumuza uğurlar arzulayırıq.

Yusif VƏLİYEV
G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktoru, Əməkdar müəllim