İsrailin Tel-Əviv şəhərindəki Rusiya Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Gənclər Fondunun (AGF) 13-cü qrant müsabiqəsində qalib olmuş, bəstəkar İlahə Qismət (İsrafilova) tərəfindən təqdim edilən “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində gerçəkləşib.
“AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının da dəstək verdiyi layihə İsraildə yaşayan həmvətənlərimiz arasında və bu ölkənin cəmiyyətində Azərbaycan həqiqətlərinin yayılması məqsədini daşıyır.
Tədbirdə “AZİZ” assosiasiyasının nümayəndəsi Yana Salman, AGF Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İlahə İsrafilova, rejissor Səadət Şükürova çıxış ediblər.
Bədii hissədə Bakı Musiqi Akademiyasının əməkdaşları və məzunları – Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı ilə konsert proqramı təqdim edilib. Proqramda Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, V.Adıgözəlov, F.Əlizadə və başqalarının əsərləri ilə yanaşı, A.Skryabin, S.Raxmaninov kimi müəlliflərin əsərləri də səslənib.