Parisdə tələbələr ölkəmizlə bağlı sərgi təşkil ediblər
Paris İncəsənət və Mədəniyyət Ali Məktəbində (EAC) “Azərbaycan: ənənə və müasirlik” adlı sərgi açılıb. Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilən sərgi Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilib.
Sərgidən öncə mövzu ilə bağlı konfrans keçirilib. EAC-ın MBA (magistr) pilləsinin pedaqoji direktoru Florans Qabe Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. O, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi və mədəniyyətindən danışaraq sərgidə qadın rəssamlarımızın əsərlərinin nümayiş olunduğunu bildirib.
EAC-ın müəllimi, yazıçı Helen Pişon yüz il öncə Azərbaycan qadınlarına səsvermə hüququ verilməsi, onların cəmiyyətdə mövqeyi və yerindən söz açıb, cəmiyyətin inkişafında gender bərabərliyinin vacibliyinə toxunub. Müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi dövlət olduğu diqqətə çatdırılıb.
Səfirliyimizin müşaviri Vaqif Ağayev ölkəmizdə qadınlara səsvermə hüququnun verilmə tarixindən söz açıb. Müşavir bu gün qadınların ölkə həyatının bütün sahələrində təmsil olunduğunu diqqətə çatdıraraq onların yüksək vəzifələrdə çalışdığını vurğulayıb.
Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Vəfa Rüstəmova və Maya Bağırovanın əsərləri nümayiş olunub.
Ekspozisiyada məşhur fırça ustası Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş Əməkdar rəssam Əsmər Nərimanbəyovanın kubizm və futurizmin təsiri ilə lirik ekspressionist üslubda yaratdığı 7 əsəri yer alıb.
Niderlandda yaşayan rəssam Vəfa Rüstəmovanın mozaikanı xatırladan və ekspressionist üslubda olan 6 əsəri sərgilənib.
Gənc fotoqraf Maya Bağırovanın azərbaycanlı qadınlara dair 7 fotosu diqqəti cəlb edib. Paris Speos Beynəlxalq Fotoqrafiya Məktəbinin məzunu M.Bağırova Parisdə İncəsənət Milli Salonunun Jan Larivyer mükafatına layiq görülüb, 2018-ci ildə “Paris Match” jurnalının tələbə Qran-prisinin qalibi olub.
Tələbələrin təşkil etdiyi “Azərbaycan: ənənə və müasirlik” adlı sərgi fevralın 7-dək davam edəcək.