2016-cı ildən Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan ənənəvi Buktreyler Festivalı bu il 5-ci dəfə təşkil olunacaq. Ölkəmizdə kitaba və mütaliəyə marağın təşviqi, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədi daşıyan festival hər il 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü ərəfəsində keçirilir.

Festivalın təsisçisi, kinoaktyor, prodüser Ruslan Sabirli bildirib ki, bu il 2 fevral – Gənclər Günündə start götürən festival öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilib və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən-ilə artmaqdadır. 23 apreldə yekun vurulacaq festivalın qalibləri bu il də tanınmış sənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir. Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı “Azercell” şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Həmçinin e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az