Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Dövlət Ermitajı arasında anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi fevralın 7-də Sankt-Peterburqda hər iki muzeyin rəhbərləri – Şirin Məlikova və Mixail Piotrovski imzalayıblar.
Sənəddə Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyəti öz əksini tapıb. Tərəflər birgə elmi-tədqiqat işi, birgə sərgi layihələri, informasiya və muzey işi sahəsində təcrübə mübadiləsi, muzey əşyalarının qorunması və bərpası sahəsində bilik mübadiləsini həyata keçirməyi planlaşdırır.
Memorandumda bununla yanaşı, Ermitajda saxlanılan Azərbaycan xalçalarının kataloqlaşdırılması, etiketaj və annotasiyaların Azərbaycanın istehsal yeri kimi göstərilməsi baxımından dəqiqləşdirilməsi, habelə 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində iki muzeyin birgə sərgisinin təşkili nəzərdə tutulub.
Əməkdaşlığın istiqamətləri arasında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutacaq. Həmin proqramlardan biri imzalanma mərasimində təqdim olunan və iki muzeyin bu sahədə təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Layihə görmə qabiliyyəti məhdud olan insanlara Ermitaj kolleksiyasından Pazırık xalçalarının fraqmentlərinin nümunəsində qədim sənətkarların texnika müxtəlifliyini hiss etmək, ornamenti duya bilmək imkanı verəcək. Layihənin əsasını Azərbaycan Milli Xalça Muzeyində işlənib hazırlanmış, özündə xovlu və xovsuz texnikalarını birləşdirən, ornamentin formasını və strukturunu taktil müəyyən etmək imkanı verən xüsusi toxuculuq metodu təşkil edir. Hər bir nümunə eksponat haqqında məlumat daşıyan Brayl şrifti ilə yazılmış mətn və tiflo şərh ilə müşayiət olunacaq. Taktil modellər xalçaya toxunmaq, onun strukturunu, texniki xüsusiyyətlərini hiss etmək istəyən muzeyin çoxsaylı ziyarətçiləri üçün maraqlı olacaq.
Layihənin həm Ermitajda, həm də Azərbaycan Milli Xalça Muzeyində həyata keçirilməsi planlaşdırılıb. Layihənin koordinatorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkieldir.
Bu muzeylər arasında ikinci birgə layihədir. 2019-cu ilin noyabrında İqor Malkiel Azərbaycan Milli Xalça Muzeyinin dəvəti ilə Bakıda zərgərlik kolleksiyası eksponatlarının konservasiyasına həsr edilmiş təlimlər keçib. Burada həmçinin inklüziv proqramların tətbiqi məsələləri də müzakirə olunub.
Onu da qeyd edək ki, Milli Xalça Muzeyi ölkəmizin Rusiya Dövlət Ermitajı ilə əməkdaşlıq memorandumu imzalayan ilk muzeyidir. Bu, iki ölkənin mədəni əməkdaşlığı üçün əlamətdar hadisədir.