Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY 2020-ci ili görkəmli qazax şair və mütəfəkkirinin 175 illiyi şərəfinə “Abay Kunanbayev ili” elan edib.

Fevralın 9-da Ankarada “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib. “TRT Arı” studiyasında təşkil olunan mərasim TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi, Qazaxıstanın Türkiyədəki səfirliyi və TRT Avaz kanalının işbirliyi ilə gerçəkləşib.

Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Eldos Ramazanov, bu ölkənin Ankara böyükelçisi Abzal Saparbekuly, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış ediblər. Çıxışlarda şair Abayın yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi rolundan, zəngin ədəbi irsindən söz açılıb. Qeyd edilib ki, onun əsərlərində xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.

Sonra mütəfəkkir şairin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Türkiyə Prezident Administrasiyası simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yeri (Moldova) təmsilçiləri – vokal və instrumental ifaçılar çıxış ediblər.

Konsertdə ölkəmizi tanınmış kontratenor, Prezident mükafatçısı, Əməkdar artist İlham Nəzərov və Dövlət Akademik Musiqili Teatrının solisti Eleonora Mustafayeva təmsil ediblər.

Qeyd edək ki, TÜRKSOY-un “Abay Kunanbayev ili” çərçivəsində müxtəlif ölkələrdə silsilə tədbirlər nəzərdə tutulub. Yanvarın 30-da Azərbaycan paytaxtında – Bakı Dövlət Universitetində də “Abay ili”nin açılışı keçirilmişdi.

Mehparə SULTANOVA
Ankara