Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu Daşkənddə keçirilən “Zərb şou” konsertində iştirak edib.

Konsert Özbəkistanda tanınan doyra (nağara) ustası, Əməkdar artist Abbas Qasımovun yaradıcılığına həsr olunub.

“Abbas Qasımov və onun dostları” adlı gecədə sənətçinin müxtəlif ölkələrdə keçirilən musiqi festivallarında iştirakından, qazandığı uğurlardan söz açılıb.

Konsert proqramında Abbas Qasımov ayrılıqda və Natiq Şirinovla birgə nağarada yaddaqalan musiqi nömrələri ifa edib. “Natiq” ritm qrupunun ifasını isə tamaşaçılar ayaq üstə alqışlarla qarşılayıblar.

Sonda Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Natiq Şirinova özbək milli geyimi – çapan hədiyyə edib.