Xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır. Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar.
Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı zamanı xalçaçılarla görüşündə deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, “Azərxalça”nın Kürdəmir filialı ölkəmizdə sayca 12-ci xalça fabrikidir: “Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda açılır. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz”.
Prezident qeyri-neft sektorunun ixracının artırılmasında xalçaçılığın mühüm yeri olduğunu deyib: “Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir”.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib. Qeyd olunub ki, müəssisədə 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Xalçaçı Yemən Abdurəhmanova ölkə başçısına xalçaçılıq sənətinin inkişafına göstərilən diqqətə, rayonda belə bir fabrikin açılmasına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, xalça fabriklərinin yaradılması həmçinin bölgələrimizdə bu sənətin yaşadılmasına xidmət edir: “Biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.
Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi budur ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Dövlət başçısı müəssisədə toxunan xalçanı kəsib. Sonda xatirə şəkli çəkdirilib.