Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərinin Ukrayna dilində nəşrində iştirak etmiş “Camit-Kniqa” nəşriyyatı bu istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlıdır. Bu barədə nəşriyyatın direktoru İvan Stepurin Kiyevdə Ukrayna Milli Xəbər Agentliyi – Ukrinformun binasında keçirilən “Tarixi dəyişən tanınmış (tanınmamış) ukraynalılar” kitabının təqdimatı zamanı AZƏRTAC-ın müxbirinə bildirib.

Qeyd edək ki, “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Ukraynanın “Camit-Kniqa” nəşriyyatının birgə layihəsi üzrə ərsəyə gəlib.

İvan Stepurinin sözlərinə görə, Nəsiminin qəzəllər toplusu Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfədir. O, gələcəkdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə də sıx əməkdaşlıq etmək istədiklərini deyərək, Azərbaycanın və Ukraynanın məşhur şəxslərinin digər ölkələrdə də tanıdılması yönündə birgə layihələr reallaşdırmaq arzusunu bildirib.