AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 fevral – “Beynəlxalq kitab bağışlama günü” münasibətilə tədbir keçirilib.
MEK-in direktoru Leyla İmanova 2020-ci ildə bu əlamətdar günün devizinin “Kitaba məhəbbəti paylaş” olduğunu bildirib. Ötən il MEK tərəfindən 11 mindən çox kitabın müxtəlif təşkilat və qurumlara bağışlandığını deyən Leyla İmanova, eyni zamanda MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan söz açıb.
Daha sonra kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova “Beynəlxalq kitab bağışlama günü”nün tarixinə dair məlumat verib, MEK-in kitab bağışlama aksiyaları barədə danışıb.
Tədbir çərçivəsində MEK-ə kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqov çıxış edib. Alim Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunmuş “Tövrat”ı MEK-ə hədiyyə edib.