“Le Roi Angus” musiqi qrupunun konserti ilə bağlı razılıq əldə olunub

İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov qonağa sənət ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, beynəlxalq əməkdaşlıq da bu fəaliyyətin əsas istiqamətlərindəndir. Ötən müddətdə BMM-in “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və başqa ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan səfir birgə həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüb. Səfir BMM-in solistləri olan gənc xanəndələrin ifasında konsert proqramını da izləyib.

Görüş zamanı “Frankofoniya həftələri” çərçivəsində bu il aprelin 10-da  Beynəlxalq Muğam Mərkəzində İsveçrə səfirliyinin təşkilatçılığı ilə “Le Roi Angus” musiqi qrupunun konsertinin keçirilməsi ilə bağlı razılıq əldə edilib. Qrup Avropa, Şimali Amerika və Çində uğurlu çıxışlardan sonra Cənubi Qafqazda ilk konsertlərini verəcək. Qrupun musiqi üslubunu fransızsayağı musiqi ilə Amerikanın altmışıncı illərinin rokunun qarışığı təşkil edir.

LALƏ