Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrənin paytaxtı Berndə “Təmasda olan mədəniyyətlər – Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfransda iştirak edib.
Səfər çərçivəsində Günay Əfəndiyeva bir sıra görüşlər keçirib.
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə görüşən Günay Əfəndiyeva rəhbəri olduğu qurumun həyata keçirdiyi layihələrdən bəhs edib. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək birgə tədbir və layihələrin reallaşdırılması imkanlarından bəhs olunub.
Qazaxıstanın İsveçrədəki səfiri Alibek Bakayev ilə görüş zamanı qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illiyi, böyük mütəfəkkir və alim Əbunəsr Fərabinin 1150 illik yubileyi ilə bağlı 2020-ci ildə keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb. Qazaxıstan səfiri fondun tədbir və layihələrində birlikdə çalışmaqda maraqlı olduqlarını vurğulayıb.
Günay Əfəndiyeva Türkiyənin İsveçrədəki səfiri İlhan Sayqılı ilə də görüşüb. Fondun türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində fəaliyyətinə dair məlumatı maraqla qarşılayan səfir bu yöndə planlaşdırılan gələcək layihələrə dəstək ifadə edib. İ.Sayqılı həmçinin G.Əfəndiyevanı səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi işlər ilə tanış edib.
Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə İsveçrədə türkdilli xalqların mədəniyyətinin təbliği istiqamətində tədbirlərin keçirilməsi barədə yekdil fikir ifadə olunub.