“Ölkəmə qalibiyyət qazandırdığıma görə çox sevindim”

Gənc pianoçu Leyla Zeynalova 9-16 fevral tarixində Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

Leyla Zeynalova təəssüratlarını qəzetimizlə bölüşərək bildirdi ki, müsabiqəyə öz təşəbbüsü ilə qatılıb. İlk dəfə bu müsabiqədə 12 yaşında iştirak edərək 2-ci yeri qazanıb.

Budəfəki seçim turuna ötən ilin oktyabrında videoifasını göndərən Leyla noyabrda müsabiqəyə dəvət alıb. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək böyük uğura imza atıb.

Qazandığı uğurlara görə ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu dedi: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Neymanovanın tələbəsiyəm. Bu illər ərzində onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir, yanımda olmağa çalışır. Hətta müsabiqəyə birlikdə getməsək də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini verir, mənə dəstək olurdu. Düzdür, müsabiqəyə qatılan hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur mənim üçün inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir. Sadəcə, vurğulamaq istəyirəm ki, çox istedadlı rəqiblərim var idi və onlara qalib gələrək ölkəmə qalibiyyət qazandırdığıma görə çox sevindim”.

Müsabiqədə Leylanın çıxışını onlayn izləyən Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə bildirir ki, bu, çox təntənəli bir hadisə idi: “Leyla Şopenin 2-ci piano konsertinin 2-ci və 3-cü hissələrini orkestrlə ifa etdi. Bəllidir ki, Şopenin 2-ci konserti dünya fortepiano ədəbiyyatının ən görkəmli əsərlərindən biridir. Odur ki, hamının bu əsər haqda artıq müəyyən musiqi təsəvvürü var. Leyla çalğısı ilə ilk notlardan məni musiqi axınına qərq etdi. Yəni mən Şopenin yaratdığı o gözəlliyi Leylanın təqdimatında bir daha anlayır və əsl estetik zövq alırdım”.

Z.Dadaşova deyir ki, Leyla düşünən, araşdırmaya meyil göstərən pianoçudur. Digər tərəfdən o, gözəl, zərif bir səs toxuması da yarada bilir: “Bəlkə də bu ondan irəli gəlir ki, Leyla məktəbli ikən violin alətində də çalıb. Bu iki cəhətin birləşməsi – məncə, Leylaya bu dəfə də müvəffəqiyyət gətirdi. Bir də onda vüqar hissi güclüdür. Güclü xarakter, möhkəm iradə sahibidir. Leyla ilə bağlı böyük arzularımız var. İstərdim ki, gələcəkdə o, Varşavada keçirilən məşhur Şopen müsabiqəsində də Azərbaycanı təmsil etsin”.

Qeyd edək ki, Leyla Zeynalova 2001-ci ildə Bakıda anadan olub. Prezident İlham Əliyevin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə adı gənc istedadların “Qızıl kitab”ına yazılaraq Prezident təqaüdünə layiq görülüb.

Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltik ölkələrinin “Uşaq Musiqi Akademiyası”nın ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu Vladimir Spivakovun təşkil etdiyi “Moskva dostları qarşılayır” festivalına qatılıb. Leyla həmçinin “Bakı 2015” Avropa Oyunlarının ən gənc məşəlçisi olub.

L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən qiymətləndirilib və o, “Gənclər mükafatı”na layiq görülüb.

Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Şopen müsabiqəsinin baş mükafatını alıb. Rüstəm hazırda Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.

Leyla 8 ildən sonra bu nəticəni yeniləyib və Zeynalovlar ailəsi bir müsabiqənin ikinci Qran-prisinin sevincini yaşayıb.

2020-ci ildə musiqi sahəsində ölkəmizə ilk Qran-pri mükafatını gətirən gənc pianoçuya sənət yolunda yeni uğurlar arzulayırıq. 

Lalə AZƏRİ